Dekabrın 10-da bütün dünyanın diqqət mərkəzində olan Nobel mükafatlarının növbəti təqdim edilməsi mərasimi keçirilib.
Alfred Nobelin ölümünün ildönümündə, İsveçin paytaxtı Stokholmda sayca 112-ci Nobel mükafatının təqdim edilməsi mərasimi ənənəyə uyğun olaraq laureatlar və qonaqlar üçün bayram ziyafəti ilə yadda qalıb.
2013-cü ildə ümumilikdə 13 nəfər, o cümlədən bir təşkilat Nobel mükafatı laureatı olub. Mükafata layiq görülənlər arasında ən yaşlısı 84 yaşlı fizik Piter Hiqqs, ən cavanı isə 57 yaşlı Tomas Sudhofdur.
Bu il Nobel sülh mükafatı Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata verilib. Təşkilat bu mükafata Suriyadakı kimyəvi silahların məhv edilməsində böyük rol oynadığı üçün layiq görülüb.
2013-cü il üçün tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının da adları məlum olub. Bu alimlər amerikalı Ceyms Rotman, Rendi Şekman və almaniyalı Tomas Sudhofdur. Onlar hüceyrənin öz daşınma sistemində necə formalaşdığını, hüceyrə daxilində daşınmanın öz yerində və vaxtında necə baş verdiyini araşdırdıqlarına görə bu mükafatı alıblar.
Nelson Mandellanın vəfatı ilə bağlı İsveç taxt-tacının varisi Viktoriya və ölkə rəhbərliyi, eləcə də Norveç rəhbərliyi mərasimə qatılmayıblar.
Mərasim Norveçin “NRK” televiziyası və Nobelin rəsmi saytı ilə canlı yayımlanıb.
Mayası Bakı nefti ilə yoğurulan Nobel mükafatı fizika, kimya, fiziologiya, təbabət və ədəbiyyat sahələri üzrə təqdim olunur. Nobel sülh mükafatı isə xalqların birliyinə, daimi ordunun sayının azaldılması və ya ləğvinə, sülh təşəbbüslərinin inkişafına böyük töhfə verənlərə təqdim edilir. Nobelin vəsiyyətində riyaziyyat üzrə mükafat yoxdur.(Azər Tac)