Hər iki layihə ATGTİ və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov audio kitabların günümüzdə populyarlaşması baxımından “Danışan kitablar” layihəsinin əhəmiyyətli layihə olduğunu bildirib.
O qeyd edib ki, ATGTİ hər zaman gənclərin kitab oxumağa marağının artırılması üçün irimiqyaslı layihələri həyata keçirməyə davam edəcək.
Ş.İsmayılov bildirib ki, ittifaq tərəfindən keçirilən “Tarixdə bu həftə və şəxsiyyətlərimizi tanıyaq” layihəsinin məqsədi isə Azərbaycan tarixində böyük rol oynamış şəxsiyyətlərin gənclərə tanıdılmasıdır.
Qeyd edək ki, “Danışan kitablar” layihəsinin əsas məqsədi gənclərin maarifləndirilməsi, cəmiyyətimizin müxtəlif təbəqələri arasında bədii ədəbiyyatın təbliğidir. Bu diskdə həm Azərbaycan, həm də dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan M.F.Axundzadənin “Aldanmış kəvakib”, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, Viktor Hüqonun “Səfillər” və digər qiymətli əsərlər yer alıb.
İkinci layihə Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması və ölkədə, dünyada baş verən tarixi hadisələrin tələbələrin diqqətinə çatdırılması məqsədi daşıyır.
Layihə çərçivəsində hər həftə Azərbaycanın mədəniyyət, elm, siyasət sferalarında əvəzsiz xidmətləri olmuş şəxsiyyətlərdən birinin həyat və fəaliyyətindən bəhs edən, bununla yanaşı, həmin həftənin əhatə etdiyi ayın günlərində baş vermiş ən önəmli tarixi faktların əks olunduğu xüsusi lövhələr hazırlanaraq ali və orta ixtisas təhsili müəssisələrində yerləşdiriləcək.