Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuin arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın inkişafı məqsədi ilə Çin hökumətinin Azərbaycana 30 milyon yuan (4.477.611 ABŞ dolları) məbləğində növbəti qrant yardımının ayrılması ilə bağlı texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanıb. Sayca 10-cu olan bu saziş Azərbaycana Çin istehsalı olan müxtəlif təyinatlı texnikanın gətirilməsini nəzərdə tutur.
Danışıqlar zamanı Baş nazirin müavini Abid Şərifov iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirib, qarşılıqlı ticarət dövriyyəsinin artdığını vurğulanıb. O qeyd edib ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 900 milyon dollardan artıq olub: “Bu göstəricini daha da artırmaq üçün hər iki ölkənin böyük potensialı vardır. Azərbaycanda bir sıra Çin şirkətləri uğurla fəaliyyət göstərir və iqtisadi əlaqələr inkişaf edir”.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimiz arasında münasibətlərin sıx dostluq və tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd edib. Səfir deyib ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmindən artıqdır. Diplomat belə müsbət göstəricilərin ölkələrimizin əlaqələri üçün daha geniş perspektivlər açdığını deyib.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında ümumi məbləği 245 milyon Çin yuanı (36.567.164 ABŞ dolları) olan 9 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Bu sazişlər çərçivəsində 2012-ci ildə Azərbaycana Çin istehsalı olan kommunal təyinatlı 160-dan artıq texnika gətirilmişdir. Hazırda tikinti sahəsində istifadə etmək üçün 155 ədəd texnikanın ölkəmizə gətirilməsi məqsədi ilə danışıqlar aparılır.
Eyni zamanda, Azərbaycan əlavə olaraq kommunal təyinatlı 50 texnikanın alınması üçün Çin hökumətinə müraciət etmişdir. Bundan əlavə, iki ölkə arasında imzalanmış texniki-iqtisadi sazişlər çərçivəsində “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-nin toxumçuluq təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üçün tələb olunan maşın, aqreqat və avadanlığın alınaraq muxtar respublikaya çatdırılması məsələsi ilə bağlı müzakirələr aparılır.