Dünən gecə saatlarından etibarən əsməyə başlayan və 15 dəqiqə davam edən güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Bir çox yaşayış məntəqələri - Moranlı, Sarxanbəyli, Yaxa Dəllək, Surxayoba, Qaratuğay və Güdəcühür kəndləri işıqsız qalıb. Eyni zamanda güclü küləyin təsirindən Surxayoba kənd ümumi orta məktəb binasının dam örtüyü qoparaq 50 metr kənara düşüb. Xoşbəxtlikdən hadisə gecə saatlarında olduğundan xəsarət alan olmayıb.
Güclü külək rayonun Yaxa Dəllək kəndində yaşayan Qəribağa Mütəllimovun fərdi yaşayış evinə ciddi ziyan vurub. Belə ki, külək onun yaşadığı evin dam örtüyünü yerindən qoparıb, bina tam yararsız hala düşüb.
Qeyd edək ki, küləyin fəsadlarının aradan qaldırılması istiqamətində rayonda təxirəsalınmaz tədbirlər həyata keçirilir.