Forumda rəsmi şəxslərin, akademik çevrələrin təmsilçilərinin, araşdırmaçıların və Xəzər regionu investorlarının, eləcə də ABŞ, Türkiyə və Aİ ölkələrinin iştirakı ilə qlobal enerji prosesləri və xarici siyasət oriyentirləri müzakirə olunur.
Müzakirə olunan məsələlərin arasında Avropanın qazla təmin edilməsi, Cənubi qaz boru kəmərlərinin doldurulması, Xəzər regionu ölkələrinin iqtisadi inkişafı, Çin və Avropa arasında dəmiryolu əlaqəsi məsələsi və başqa məsələlər nəzərdən keçirilir.
Moderatorları professor Deniz Arıboğan və publisist Hakan Çelik olan forum Transxəzər boru kəmərinə, Cənubi qaz koridoruna və regionun investisiya bazarlarının inkişafına, eləcə də TANAP və TAP layihələrinə həsr olunan 3 sessiyadan ibarətdir. Bu gün forumda Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldızın, nəqliyyat və kommunikasiya naziri Binali Yıldırımın, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun, Azərbaycan Respublikası nəqliyyat naziri Ziya Məmmədovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və başqalarının iştirakı gözlənilir.
Forum çərçivəsində “İlin dövlət xadimi”, “İlin layihəsi”, “İlin alimi”, “İlin idmançısı”, “İlin media qurumu”, “İlin incəsənət xadimi” nominasiylarında mükafatlandırma mərasimi keçiriləcək.