Bu gecə Azərbaycanın bəzi yerlərində 10 dərəcəyədək şaxta qeydə alınıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, dekabrın 4-nə keçən gecə Aran rayonlarında 1 dərəcə, dağlıq ərazilərdə 10 dərəcəyə qədər, Naxçıvan Muxtar Respublikasında 4 dərəcə şaxta müşahidə olunub, bir sıra rayonlarda, xüsusən də dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.
Dekabrın 3-də, proqnozlaşdırıldığı kimi, Azərbaycanın Kür vadisi rayonlarında çox güclü külək müşahidə olunub. Küləyin maksimal sürəti, maksimal ani sürəti Mingəçevir şəhərində saniyədə 35 metr, Tərtərdə saniyədə 33 metr, Zərdabda saniyədə 32 metr, Bərdə və Naftalan rayonlarında saniyədə 30 metr, Göyçayda saniyədə 28 metr, Gəncədə saniyədə 24 metr təşkil edib.
Havanın temperaturunda anomal gediş müşahidə olunub. Dekabrın 3-ü günün birinci yarısında temperatur 10-11 dərəcə isti olub, axşama doğru havanın temperaturu 2-4 dərəcə isti təşkil edib.
Qar örtüyü Qusar rayonunun dağlıq ərazilərində 23 sm, Altıağacda 20 sm təşkil edib. Xaldan, Susay, Qonaqkənd kəndlərində 18 sm qar örtüyü qeydə alınıb, Lerikdə 15, Yardımlıda 13, Quba, Qusarda 12 sm qar örtüyü əmələ gəlib. Daşkəsən, Göygöldə 7 sm qar örtüyü müşahidə olunub.
Məlumata görə, Abşeron yarımadasında da gecə saatlarında və səhər erkən yağışın sulu qarla qarışıq düşməsi qeydə alınıb. Gözlənildiyi kimi, bu proses qısamüddətli olub. Səhər saatlarından yağıntıların tədricən kəsilməsi proqnozlaşdırılırdı.
Dekabrın 4-də gündüz saatlarında ölkə ərazisində artıq yağmursuz hava şəraiti bərqərar olunacaq. Dekabrın 5-də Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir. Əsasən yağmursuz hava şəraiti davam edəcək, külək cənub-qərb istiqamətli olacaq və dekabrın 5-i günorta saatlarında bu günə nisbətən havanın temperaturu 2-3 dərəcə artacaq, 11-12 dərəcəyə qədər isti müşahidə olunacaq.