03 Dekabr 2013 [11:40]
Tarif Şurası Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-95 benzininin qiymətini 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 benzininin qiymətini 1 litr üçün 70 qəpik, dizel yanacağının qiymətini 1 litr üçün 60 qəpik təyin edib. Qiymətlər dekabrın 3-dən qüvvədədir.
İqtisadçı ekspert Qubad İbadoğlu "Media forum” saytına deyib ki, Tarif Şurası qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya onun nəticələrini ictimaiyyətlə bölüşmədən qiymət artımına qərar verib: "2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız son artımla hökumət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur.
Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinindən istifadə edən sürücü yalnız gündəlik cari məqsədlər üçün ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinindən istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əməkhaqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökumət 3 ay bundan əvvəlki 10 faizlik maaş artımını geri almağa başladı”.
Qubad İbadoğlu bildirib ki, neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir: "Əsasən də iri vergi ödəyicilərinin (o cümlədən də "Azərenerji” ASC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Azərbaycan Hava Yolları” QSC, "Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökumət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir.
Belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır. Bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasına daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də qaldırılacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün ikirəqəmli inflyasiya qaçılmazdır”.