Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.
Məlumata görə, noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 5 m3/san azalaraq 132 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Noyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpədə və I Şahsevəndə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,00-6,40 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.