Bakının daha bir rayonuna 24 saat su verilir. Belə ki, Xətai rayonundan sonra artıq Nizami rayonu da daimi içməli su ilə təmin olunur.
Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, rayon əhalisinin 80 faizindən çoxu artıq 24 saat içməli su ilə təmin olunur:
“Bilirsiniz ki, Bakıda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərin əsaslı yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, paylayıcı şəbəkədə, çoxmərtəbəli yaşayış binalarında, xüsusən də yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır. Rayon sakinlərinin 80 faizindən çoxu fasiləsiz su ilə təchiz olunur. Suyun verilməsi mümkün olmayan bəzi yerlər də tezliklə 24 saat su ala biləcək”.