Bu gün “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” mövzusunda beynəlxalq tədbir start götürüb.
7 dekabr 2013-cü ilədək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək, həmçinin bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Tədbir Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə keçirilir.
Beynəlxalq konfransa Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna gəncləri də qatılıb.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tədbirin məqsədlərindən danışaraq bildirib ki, Azərbaycanda başqa mədəniyyətlərə, dinlərə hörmət edilir. Bu baxımdan Azərbaycan bir çox dövlətlərə nümunə ola bilər.
Tədbirdə iştirak edən əcnəbi gənclər də çıxış edib. Onlar Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qeyd ediblər.
Qeyd edək ki, beynəlxalq tədbir müddətində iştirakçıların Azərbaycandakı tolerantlıq mühiti ilə tanış olması və bir sıra dini-mədəni mərkəzlərə ziyarətlərinin təşkili planlaşdırılır.