Yeni hazırlanmış "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsi dekabrın əvvəllərində Mili Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Qanun layihəsində Təhsil Nazirliyinə əlavə funksiyaların verilməsi nəzərdə tutulur. Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
H.Rəcəblinin sözlərinə görə, ölkənin və millətin gələcəyi naminə belə bir qanunun qəbulu çox vacibdir: "Uşaqlar bizim genofondumuzdur. Azərbaycanda bu məsələ çox geridə qalır.
Hazırda Sovet dövründə uşaqlar üçün mövcud olmuş nə pioner düşərgələri, nə də onları əvəz edəcək yerlər var. Uşaqlar indi ya kompüterin arxasına keçir, ya da qulağında telefonla gəzir. Bütün dünyəvi ünsiyyətcil şeylərdən isə uzaq düşürlər. Bu isə çox ciddi problemdir. Uşaqlar üçün ekskursiyalar təşkil edilməli, onların dərsdən kənar bir-biriləri ilə ünsiyyətdə olması üçün şərait yaradılmalı, dünyagörüşü genişlənməlidir".
Qanun layihəsi bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtlərini, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələrini, eləcə də bu sahədə yaranan münasibətlərin tənzimlənməsini ehtiva edəcək.
Hələlik 5 fəsil, 25 maddədən ibarət qanun layihəsində uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi, həmçinin uşaqların xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili nəzərdə tutulur.
Lakin komitə sədrinin sözlərinə görə, qanunda bu məsələlər icbari xarakter daşımayacaq: "Burada icbarilik yoxdur. Qanun layihəsi əsasən deklarativ, tövsiyyə xarakterli olacaq. Lakin biz istəyirik ki, əsas əlaqələndirici funksiyanı Təhsil Nazirliyinə verək".