“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrı tərəfindən quruluş verilən komediyanın qəhrəmanlarını bu dəfə marionet kuklalar canlandırıb.
Qeyd edək ki, “Arşın mal alan“ operettasına hazırlanan tamaşanın rejissoru, Marionet Teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin (A.Mustafayev, E.Mirzəyev, E.Abbaslı, Ş.Buksayev, R.Həsənov) ifasında təqdim edilib.
Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarmızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilib.
“Arşın mal alan”ın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsi ilə oxuyub danışırlar.
Marionet Teatrı 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir.
Qeyd edək ki, Marionet Teatrının “Arşın mal alan” tamaşası 1989-cu ildə Fransada teatr festivalında nümayiş olunub. Sonralar Almaniya, ABŞ, İsveçrə, Rusiya, Polşa və s. ölkələrdə uğurla nümayiş etdirilərək Azərbaycanın səhnə, musiqi, təsviri sənət və hətta memarlıq mədəniyyətinin dünya səviyyəsində tanınıb sevilməsinə öz töhfəsini verib.