Bu barədə Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə Səbail rayon İcra Hakimiyyətinin sifarişi əsasında layihə sənədləri hazırlanıb.
Sektor müdiri bildirib ki, 2400 kv. metr sahəsi olan müasir dizaynlı ikimərtəbəli, zirzəmili idman kompleksi üçün Badamdar qəsəbəsində yer ayrılaraq burada inşaat işlərinə və bura kommunikasiya xətlərinin çəkilişinə başlanıb.
Tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunacaq kompleksdə böyük məşq zalları ilə yanaşı, soyunub-geyinmə otaqları, duşxanalar, sauna, hovuz, istirahət və yardımçı otaqlar, yeməkxana, mətbəx, geniş foye nəzərdə tutulub.
İdman kompleksinin ətraf ərazisində isə yaşıllıqlar salınacaq və abadlıq işləri aparılacaq. Bundan başqa kompleksin həyətində avtomobillərin saxlanması üçün dayanacaqlar da olacaq.