Dekabrın 2-də Bakı Ekspo Mərkəzində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisi öz işinə başlayacaq. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə əlaqədar olaraq, “BakuTel” sərgisinin təşkilatçıları bu tədbiri layiqincə qeyd etmək üçün sürprizlər də hazırlayıblar.
Bu sürprizlərdən biri də “BakuTel” sərgisində “Titan” robotunun iştirakı olacaq.
“Titan” robotu Tokiodan tutmuş Vankuverə qədər bütün dünya ölkələrində olub. Bu robot Əbu-Dabidə Qran-pri Formula 1 yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olmuş və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak edib. “Titan” robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət edib.
“Titan” həmçinin çox məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq, Hyu Cekman (Hugh Jackman) və rejissor Şavn Levi (Shawn Levy) ilə birlikdə bu filmin premyeralarında iştirak edib. “Titan” Britaniyanın ən reytinqli “Daybreak” səhər televiziya şousunun tez-tez qonağı olur, eləcə də aparıcı Polyanna Vudvord (Pollyanna Woodward) ilə birlikdə “The Gadget show” proqramının çoxsaylı buraxılış və səhnələrində daim iştirak edir. “Titan” bir neçə dəfə “BBC” kanalında da olub.
2.5 metr hündürlüyü olan “Titan” robotunun ABŞ-dan hava nəqliyyatı ilə daşınması “Hummer” markalı bir neçə hərbi avtomobilin daşınması ilə eyni qiymətə başa gəlir. “Titan” ilə ilk görüş öz görkəm və dinamikası ilə auditoriyada təəssürat fırtınasına səbəb olur. Eyni zamanda həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri şoka salsa da, bir neçə dəqiqədən sonra hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər.
Qeyd edək ki, “Titan” robotu 2, 3 və 4 dekabr tarixində Bakı Ekspo Mərkəzinin 3-cü pavilyonunda sərgi iştirakçıları və ziyarətçilərinin yolunu gözləyəcək.