Məhkəmə İcraçıları Baş İdarəsinin Nəsimi və Nərimanov rayon şöbələrinin bir qrup əməkdaşı fevralın 19-da səhər saatlarında Nəsimi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 67/71, mənzil 96 ünvanına gedərək Müsavat Partiyasının başqanı İsa Qəmbərin evində axtarış aparıblar (“Yeni Müsavat”ın əməkdaşı prosesi əvvəldən-axıra qədər olay yerində izləyib-red.).
Ədliyyə məmurları Müsavat başqanının oğlu Turqut Qəmbərin cəriməsini ödəmədiyinə görə ona məxsus əşyaların qiymətləndirilərək müsadirə olunacağını bildirdilər.
Əvvəlcə “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən 12 yanvar və İsmayıllı sakinlərinə dəstək mitinqi olan 26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə qeyri-qanuni şəkildə külli miqdarda cərimələnən gənc fəal Turqut Qəmbər və Müsavat başqanı İsa Qəmbər məhkəmə icraçılarını qapıda qarşıladılar. İsa Qəmbər əvvəlcə 7 nəfərlik bir qrupla mənzilə daxil olmaq istəyən məhkəmə icraçılarına evə girməyə icazə vermədi. Başqan məmurların bu addımını qanunsuzluq adlandırıb söylədi ki, bu mənzil ona məxsusdur və məhkəmə qərarı olmadan onun mənzil hüququ toxunulmazlığı pozula bilməz.
Məhkəmə icraçıları bildirdilər ki, Turqut Qəmbər cəriməsini ödəmədiyinə görə məhkəmə onun əmlakının siyahıya alınması ilə bağlı qərar verib və bu siyahı tərtib olunaraq məhkəməyə təqdim edilməlidir. Ədliyyə məmurları onu da dedilər ki, siyahı tutulub məhkəməyə təqdim olunandan sonra onlar məhkəmənin qərarına etiraz edə bilərlər. Onlar həmçinin T.Qəmbərdən cəriməni ödəməsini tələb etdilər. Ancaq gənc fəal məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək cəriməni ödəməkdən imtina etdiyini vurğuladı. O, ikinci aksiyada cərimələnməsi və həmin məbləği ödəməsi ilə bağlı qoyulan vaxtın hələ bitmədiyini, məhkəmənin ciddi qanun pozuntusuna yol verdiyini qeyd etdi.
Tərəflər arasında danışıqlardan sonra məhkəmə icraçılarının hamısı yox, yalnız ikisi - yalnız Ələddin Hüseynov və Tural Ədilov mənzilə buraxıldı. Onlar qeyd etdilər ki, məhkəmənin qərarına əsasən əmlak siyahıya alınmalı və bununla bağlı lazımi hüquqi tədbirlər həyata keçirilməlidir: “Əgər əmlakı siyahıya alınan şəxs həmin siyahıdan narazıdırsa, məhkəməyə şikayət edə bilər”.
İ.Qəmbər məhkəmə icraçılarına bildirdi ki, onlar yalnız cərimə olunmuş şəxsin əmlakını siyahıya ala bilərlər: “Sizin cərimə olunan şəxsin yaxınlarının əmlakını siyahıya almağınız qanunsuz bir əməldir. Qanuna və məntiqə zidd bir hərəkətə yol verirsiniz. Turqut Qəmbər mənim evimdə yaşayır, amma o, bu evdə qeydiyyatda deyil. Siz Turqutun əmlakını müəyyənləşdirməlisiniz, mənim yox. Qanunu pozduğunuza görə biz məhkəməyə müraciət edəcəyik. Amma bunu da çox yaxşı bilin ki, bir aydan, bir ildən sonra sizə bu qərarı verənlərin heç biri yanınızda olmayacaq. Həmin insanlar və konkret olaraq siz qanun qarşısında cavab verəcəksiniz. Bu, hədə-qorxu deyil, bunu da bilmiş olun. Siz heç vəzifə səlahiyyətlərinizi də bilmirsiniz”.
T.Qəmbərin müsadirə edilməli əmlakı olmasa da məhkəmə icraçıları onun valideynlərinin - Müsavat başqanı İsa Qəmbərin və politoloq Aida Bağırovanın sərəncamında olan əmlakdan “öz qismətlər”ini götürmək fikrində idilər. Siyahıyaalma prosesi başladı. Evin bütün otaqlarını gəzən məhkəmə icraçıları aşağıdakı əşyaları müsadirə olunmağa potensial əmlak kimi qeydə aldılar: “2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça”.
***
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Turqut Qəmbər bildirdi ki, məhkəmə icraçıları onun ailəsinin yaşadığı mənzildə qanunsuz olaraq axtarış aparıblar: “Yanvarın 26-da keçirilmiş ikinci aksiyaya görə məhkəmə icraatının həyata keçirilməsi ilə bağlı təxminən yeddi günüm var. Mənim ailəmin yaşadığı mənzilə gəlib atama və anama məxsus əşyaları qeydə aldılar. Məhkəmə icraçıları bildirdilər ki, yazdıqları siyahını təsdiqlətdirəndən sonra məhkəmə qərar verəcək”.
T.Qəmbər bildirdi ki, parlamentin aksiyalarda iştiraka görə cərimələrin tətbiq olunması ilə bağlı qərarını qanunsuz hesab edir: “Mənimlə birgə aksiyada iştirak edib cərimə olunanlarla bağlı məhkəmə qərarlarını saxta hesab edirik. Bütün bunlar hakimiyyətin bir sifarişidir. Mənim yeganə əmlakım üstümdəki paltar və telefonumdur”.
***
“Yeni Müsavat”a açıqlama verən Müsavat başqanı İsa Qəmbər bildirdi ki, hakimiyyət növbəti qanunsuzluğunu həyata keçirdi: “Hər şeydən əvvəl əsgər ölümlərinə etiraz edən gənclərə qarşı təzyiq və repressiyalar qeyri-qanunidir. Bu, hakimiyyətin xalqdan qorxmamasının təzahürüdür. Bu yüksək cərimələrin tətbiqi və onların öz fikrini ifadə etmək üçün aksiyaya çıxan gənclərə tətbiq edilməsi qeyri-qanunidir. Hakimiyyət bu tipli addımları atarkən Rusiya təcrübəsindən yararlanır. Rusiya Dövlət Duması sonradan bu məsələ ilə bağlı yumşaldıcı addımlar atmağa məcbur oldu. Azərbaycan hakimiyyəti Rusiyanın hərəkətlərini təqlid edirsə, bunu da nəzərə almalıdır”.
İ.Qəmbər bildirdi ki, məhkəmə icraçıları onun yaşadığı evə qanunsuz olaraq girib: “Mən onlara başa salmağa çalışdım ki, bu, mənim evimdir və burada oğlum Turquta aid heç bir əşya yoxdur. Amma onlar ailəmə məxsus əşyaları qanunsuz olaraq siyahıya aldılar”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da məhkəmə icraçılarının hərəkətlərini sona kimi izlədiyini və onların ciddi qanun pozuntularına yol verdiklərini qeyd etdi: “Faktiki olaraq hər kəs gördü ki, həmin evdə Turqut Qəmbərə məxsus heç bir əşya yoxdur. Siyahıya alınan bütün əşyalar isə Müsavat başqanına məxsus idi”.
Arif Hacılı bildirdi ki, aksiyalarda iştiraka görə fantastik cərimələrin tətbiq olunması anormaldır: “Rusiya hakimiyyətinin getdiyi yolu təkrarlayan iqtidar çox ciddi yanlışlığa yol verir. Bildiyiniz kimi, Rusiya Duması cərimələrin tətbiqi ilə bağlı yumşaldıcı addımlar atmağa məcbur olub. Azərbaycan hakimiyyəti bu qanuni dərhal ləğv etməli və vətəndaşların sərbəst toplaşmaq hüququnu bərpa etməlidir”.
***
İsa Qəmbərin evinə basqınla bağlı “Yeni Müsavat”a danışan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirdi ki, Turqut Qəmbərin qeydiyyatda olduğu ünvan müəyyən edilmədən İsa Qəmbərin evinə gedib əmlakını siyahıya almaq çox böyük qanunsuzluqdur: “Qanunda da var ki, yetkinlik yaşına çatmış şəxs törətdiyi hadisəyə görə özü məsuliyyət daşıyır. Amma bu məsələdə Turqut Qəmbərin özünün yox, ailəsinin əmlakı siyahıya alınıb. Bu da çox ciddi qanun pozuntusudur”.
Olayı dəyərləndirən tanınmış hüquqşünas Müzəffər Baxışov da təsdiqlədi ki, məhkəmə icraçılarının bu hərəkəti qeyri-qanunidir: “İnzibati Xətalar Məcəlləsində görə, öncə cərimə olunan şəxsin qeydiyyatda olduğu ev və iş yeri müəyyən olunmalı idi. Turqut Qəmbər yetkinlik yaşına çatmış bir şəxsdir. Onu hər hansı bir xətasına görə valideynləri məsuliyyət daşıya bilməz. Məhkəmə icraçıları çox yaxşı bilirlər ki, həmin ev Turquta yox, İsa Qəmbərə məxsusdur. Bu evə getmək və orada Turqut Qəmbərin əmlakı olmaya-olmaya İsa Qəmbərin əmlakını siyahıya almaq ən böyük qanunsuzluqdur”.
M.Baxışovun sözlərinə görə, Azərbaycan normal hüquqi dövlət olsaydı, həmin o icra məmurları cinayət məsuliyyətinə cəlb edilərdilər: “Onlar səlahiyyətlərini aşaraq şəxsin qeydiyyatda olmadığı bir evdə əmlakı siyahıya alıblar. Onlar Turqut Qəmbər müxalifət partiyası liderinin oğlu olduğuna görə atasının yaşadığı evə gediblər. Bu da konstitusiyanın, icra haqqında qanunun, İnzibati Xətalar Məcəlləsinin və Azərbaycanın tərəfdaşı olduğu beynəlxalq normaların çox ciddi şəkildə pozulmasıdır”.
Müsavat Partiyası: “Bu kampaniya hakimiyyətin yeni repressiya siyasətidir”
Müsavat Partiyası bu məsələ ilə bağlı ayrıca bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Artıq Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Gənclər Təşkilatının fəalı Elçin Cərullazadə, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu təzyiqlərlə üzləşiblər.
Bu yaxınlarda Milli Məclis kütləvi aksiyalarda iştiraka görə cərimələrin miqdarını absurd həddə qədər yüksəltməklə bağlı qanun qəbul edəndə çoxları bunun hakimiyyət tərəfindən siyasi repressiya faktı kimi istifadə ediləcəyini proqnozlaşdırmışdı. Bu gün artıq həmin proqnozlar özünü doğruldur.
Müsavat Partiyası hesab edir ki, ictimai cəhətdən fəal şəxsləri bu cür zorakı üsullarla şantaj etmək əslində ölkədə gündən-günə artan siyasi fəallığın qarşısını almağa yönəlib. Partiya bu kampaniyanı hakimiyyətin yeni repressiya siyasəti kimi qiymətləndirir və bildirir ki, bu cür təqib və təzyiqlərlə insanları öz haqları və ölkədə demokratiyanın, azad vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizədən yayındıra bilməyəcəklər".
Müsavat Partiyası yaydığı bəyanatda bu özbaşınalığa tezliklə son qoyulmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla öz məqsədinə çata bilməyəcək.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.