Onun deməsinə görə, Azərbaycan hakimiyyəti son vaxtlar Amerika səfirliyinin fəaliyyətindən, o cümlədən də səfir Morninqstarın “Azadlıq” radiosuna verdiyi son müsahibəsindən narazı qalıb. Buna görə də “rəsmi Bakıya önəm verməyən bir ölkənin təmsilçilərinə də xüsusi önəm verilməyəcək”, - kimi açıq mesajlar verilir.
Diplomatik nişanları olan maşınların, xüsusilə də ABŞ səfirliyinin maşınlarının cərimə meydançasına aparılması Azərbaycanda ilk hadisədir. Sözün həqiqi mənasında analoqu olmayan bu olaydan sonra səfirlik təmsilçilərinə bildiriblər ki, artıq heç bir diplomatın maşını Bakıda istədiyi yerdə, xüsusi olaraq da “Landmark” Biznes Mərkəzinin önündə park olunmayacaq. Qanun hamı üçün birdir və bu, Azərbaycan vətəndaşları kimi, diplomatlara da aiddir...
Qərb ölkələrinin diplomatik korpusuna yaxın olan mənbəmiz deyir ki, bu hadisədən səfirlik işçiləri heyrətə gəliblər. Çünki “Landmark” Biznes Mərkəzinin önündə ABŞ səfirliyinə məxsus olan arabaların saxlanmasına hər zaman icazə olub. Heç bir xəbərdarlıq edilmədən həyata keçirilən bu hadisə diplomatları narahat edib. Məsələ burasındadır ki, “Landmark” Biznes Mərkəzi türk əsilli ingilis vətəndaşına aiddir və onun önündəki dayanacaq yeri də obyektin ərazisi sayılır. Buna baxmayaraq, qeyd edilən yerdə diplomatik korpusa aid qırmızı nömrəli maşınları park etmək yasaqlanıb.
Müxbirimiz “Ləndmark” Biznes Mərkəzinin ətrafını tədqiq edib. Hoteli mühafizə edən polis əməkdaşları qəzetimizə açıqlamalarında bildirdilər ki, avtopark yalnız Böyük Britaniya səfirliyinə aid avtomobillər üçündür. ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan nümayəndəliyinə və digər təşkilatlara məxsus maşınlar Azadlıq meydanının altında yeni avtodayanacağa gedirlər. Britaniya səfirliyi, ATƏT-in Bakı Ofisi və “Landmark”da yerləşən digər aidiyyəti təşkilatların maşınlarının saxlanmasına problem yoxdur.
Mühafizəçilərdən ABŞ səfirliyinə məxsus maşınların DYP tərəfindən evakuasiya olunması xəbərinə aydınlıq gətirmək istədik. Polis əməkdaşları bildirdilər ki, “Landmark”da yerləşən sözügedən qurumlara aid olmayan istənilən avtomobil burada park edərsə, ərazidən evakuasiya olunur. /musavat.com/