Siyavuş Novruzov qeyd edib ki, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir: "İstər müxalifət lideri, istər jurnalist, istər həkim, istər müəllim, yaxud da başqa peşə sahibi olsun - hamı qanun qarşısında cavab verməlidir. Onların dediyindən belə çıxır ki, cəriməyə görə müəllimin, həkimin evinə getmək olar, amma qanunun tələbi olmasına baxmayaraq siyasətçinin evinə getmək olmaz. Məsələyə belə yanaşanlar səhv edirlər və qərəzlidirlər. Qanun hər şeydən üstündür.
Cəriməni ödəməyən şəxsin əmlakı müsadirə olunur və həmin cərimənin ödənməsi mərhələli formada həyata keçirilir. Ona görə də məhkəmə icraçılarının İsa Qəmbərin evinə getməsində heç bir qanun pozuntusu yoxdur. Məhkəmənin qərarı var və icraçılar da onun əsasında fəaliyyət göstəriblər. İndi iddia edirlər ki, həmin əmlak İsa Qəmbərə məxsusdur, oğluna aidiyyəti yoxdur. Mülki hüququn tələbinə görə, əgər vətəndaş həmin mənzildə qeydiyyatdadırsa, orada yaşayırsa və ora hüquqi bağlılığı varsa, həmin mənzilə daxil olmaq olar. Məhkəmə bunu araşdırıb və qərar verib ki, oğlu İsa Qəmbərə məxsus evdə qeydiyyatdadır, orada yaşayır. İndi məhkəmə araşdırması olacaq və qərar veriləcək ki, o əmlak kimə məxsusdur.
Bu, siyasi xarakterli və məqsədli addım deyil. Qanunvericilikdə dəyişiklik edilib. Qanun insanlardan qanunsuz əməllə məşğul olmamağı tələb edir. Əgər kimsə qanuni fəaliyyətlə məşğul olursa, heç kim ona toxuna bilməz. Burada söhbət qanunsuz əməllərdən gedir. Cərimənin çoxluğu-azlığı müzakirə mövzusu deyil. Söhbət ondan gedir ki, şəxs qanunsuzluq etməməlidir. Dünyanın elə ölkəsi var ki, orada belə cərimələrin məbləği 50 min dollardır. Amma durduğu yerdə heç kim heç kimdən bu cəriməni tələb etmir. Hamıya deyilir ki, qanunsuz hərəkətlərə yol vermə. Əgər siyasi aksiya keçirmək istəyirsən, icra hakimiyyəti orqanına müraciət et, yer ayrılsın, get orada etirazını bildir. Sənə kim nə deyir? Amma digər vətəndaşların hüququnu pozmaq yolverilməzdir”.