Daxili Qoşunların yeni komandanı, general-mayor Şahin Məmmədov bu gün şəxsi heyətə təqdim olunub.
Qafqazinfo” xəbər verir ki, Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədovanın APA-ya verdiyi məlumata görə, yeni komandanı şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib: “Təqdimatda xidmət rəisləri, hərbi hissə komandirləri və prezidentin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev iştirak edirdi. General-mayor Şahin Məmmədov ona göstərilən etimada görə təşəkkür etdi, etimadı doğruldacağını, Daxili Qoşunların hazırlığını daha yüksək səviyyəyə çatdıracağını dedi”.
Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin I müavini vəzifəsində çalışıb. Bir müddət əvvəl Azərbaycan prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib.