“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” proqramının dəstəyi ilə Bakıda 18–23 noyabr tarixlərində "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminar keçirəcək. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycan, Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya və Rusiya və digər ölkələrdən 36 gəncin iştirakı nəzərdə tutulur. Seminarın məqsədi gənc miqrantlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkün gənclər arasında iştirakçılıq, bu sahədə fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirməklə innovativ fəaliyyətlərinə təkan verməkdən ibarətdir. Seminar zamanı insan hüquqları, bərabər iştirak, ksenofobiya və ictimai diskriminasiyaya qarşı mübarizə kimi mövzular müzakirə olunacaq.
Qeyd edək ki, Avropa İttifaqının gənclər üçün nəzərdə tutulmuş “Gənclər Fəaliyyətdə” proqramı 2007-2013-cü illəri əhatə edir. Proqramın əsas məqsədi gənclər arasında Avropa vətəndaşlığı, həmrəylik və toleranlıq kimi hissləri təbliğ etməkdir.