Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 768 milyon 165,6 min manat təşkil edib.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilib ki, 2013-cü ilin 10 ayına aid olan bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 88 milyon 887,6 min manat vəsait daxil olub.
Yanvar-oktyabr aylarında respublika üzrə 59 min 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 777 (49,8 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 noyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 min 313 təşkil edir ki, bu da 1 noyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,1 faiz çoxdur.
2013-cü ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.