Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.