Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Axar.az Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama verməyib: “Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş açıqlama verərəm”.
Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb.
“Axar.az” erməni mətbuatına istinadən bildirir ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb.
Gürcüstan Ermənistanı bu cür infeksiyalı məhsullar ixrac etməkdə ittiham edərək rəsmi İrəvandan təzminat tələb edir. Ermənistan isə Gürcüstan tərəfini bu cür yalanlarla İrəvandan pul qopara bilmiyəcəyini bəyan edir. Məsələ o yerə çatıb ki, artıq rəsmi şəxslər bununla bağlı bəyanatlar verməyə başlayıb. Ermənistanın Epidemiologiya və Gigiyena qurumunun sədri Artur Nikoyan daha da qabağa gedərək Gürcüstanı hədələyib: “Gürcüstana ixrac olunan kartofu Ermənistan əhalisi də yeyir. Necə olur ki, bizdə bu cür infeksiyalara rast gəlinmir, amma gürcülər infeksiya olduğunu iddia edir?! Bu cür iddialar absurddur və Gürcüstanı bu cür yalan bəyanat verməməyə səsləyirəm”.
Qurum sədri həmçinin qeyd edib ki, Ermənistan hökuməti gürcü tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirmək üçün Qidaların Təhlükəsizliyi Komitəsinin sədrini Gürcüstana da göndərib: “Bizim Qidaların Təhlükəsizliyi Komitəsinin sədri noyabrın 5-6-da bu ölkədə səfərdə olub. Bu məsələ yerində araşdırılıb və gürcü tərəfinin iddiaları sübutunu tapmayıb”.
Qeyd edək ki, Gürcüstan sözügedən məsələ ilə bağlı Ermənistandan kartof ixracını dayandırıb. Qalmaqalın kimin xeyrinə yekunlaşacağı hələ ki, bilinmir.
Məsələnin maraqlı cəhəti odur ki, Ermənistan-Gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, lakin dərhal aşkarlanaraq maşınların möhürlənməsi və satışdan çıxarılması diqqəti çəkir.