Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması
154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə —
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.
154.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə —
yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
154.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə —
iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
154.4. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə —
qırx manat miqdarında cərimə edilir.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.