“Parlament bu məsələyə qiymət verməlidir”
Fevralın 1-də işinə başlayan Milli Məclisin iclasında yazıçı Əkrəm Əylisi tənqidlərə məruz qalıb.
Deputat Musa Quliyev deyib ki, Əkrəm Əylisli parlamentdə müzakirə olunmalıdır, parlament bu məsələyə qiymət verməlidir.
YAP icra katibi Əli Əhmədov isə deyib ki, bu əsər Azərbaycan xalqı üçün böyük zərbədir. “Media forum” saytının məlumatına görə, Əli Əhmədov da bildirib ki, Əkrəm Əylisli “Daş yuxular”da Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırıb. Əli Əhmədovun fikrincə, Əkrəm Əylisli bu ziyanlı əsəri ilə ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır: “Ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu romanının Azərbaycanda dərc olunmasını qadağan etməyə əsas verir. Azərbaycan xalqını aşağılamış yazıçının xalq yazıçısı adını daşımağa haqqı yoxdur. “İstiqlal”, “Şöhrət” ordenlərini də daşımağa haqqı yoxdur”.
Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc qeyd edib ki, Əkrəm Əylislinin yazdıqları qarşıdakı yüz ildə ermənilərin əlində bayraq olacaq: “Biz Əkrəm Əylislinin çarmıxa çəkilməsini istəmirik. Amma onun xalq yazıçısı adı niyə qalırdı ki, uzun illər bundan bəhrələnib sonra da belə əsər yazaydı?!”
Zahid Oruc hansısa dairələrin Rusiyayla Azərbaycanı toqquşdurmaq istədiyini də söyləyib və bildirib ki, bu münasibətlərin pozulmasına yol vermək olmaz.
Bitərəf deputat Qənirə Paşayeva vurğulayıb ki, Əkrəm Əylislinin romanı Azərbaycan həqiqətlərinin təbliğinə böyük zərbədir və ermənilər bundan istifadə edəcəklər: “Bu, xarici siyasətimizə zərbə olacaq. Bu roman erməni yalanlarına bəraət qazandırır”.
Yanvarın 31-də bir qrup gənc Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirib.
Bu günlərdə yazıçı Əkrəm Əylislinin «Drujba narodov» jurnalında «Daş yuxular» romanı dərc olunub. Etirazçılar hesab edirlər ki, yazıçı romanında Azərbaycan xalqını aşağılayan fikirlərə yer verib. Ancaq müxalifyönlü KİV-lər ehtimal edirlər ki, Əkrəm Əylislinin tənqidi çıxışları bəzi hakim dairələri narahat etdiyindən, ona qarşı belə etirazlardan istifadə olunur.