Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, bu məsələ yeni hazırlanacaq ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasına daxil ediləcək.
Həmin dəyişikliklərdə yeni yaradılacaq müasir peşə mərkəzlərinə şagird qəbulu şərtlərinin sərtləşdirilməsi planlaşdırılır. Məqsəd bu mərkəzlərə daha istedadlı və peşə təhsili almağa həvəsli şagirdləri cəlb etməkdir.
Peşə məktəblərində hazırki real durum
İşini itirməmək üçün məktəbin adının açıqlanmasını istəməyən, məcburi köçkün peşə məktəblərindən birində dərs deyən İlhamə Soltanova deyir ki, onların dediyi dərs və ya nəsə öyrətmək yox, vaxt keçirməkdir:
"Bizə bircə şagird də müraciət etmir. Şagird olmasa müəssisə bağlanar. Biz də işsiz qalmamaq üçün dərs ili başlayan kimi düşürük məktəblərin canına. Günümüz uşağını bizim məktəbə yazdırması üçün valideyinlərə yalvarmaqla keçir. Hərə öz qrupuna şagird yığır. Çox vaxt valideynlər razı olmurlar. Deyirlər - "onsuz da dərsləri ağırdır, güclə çatdırırlar, üstəlik hazırlığa gedirlər, olmaz". Onda da əl çəkmirik və "heç olmasa uşağın adını denən yazaq jurnalımıza" deyirik. Beləcə, razılaşanlar da olur, razılaşmayanlar da. Yenə uşaq sayı yeni qrup açmağa yetərli olmursa, bu zaman qohumdan-qonşudan uşaqlarının adını soruşub, vəsiqələrini və s. lazımlı sənədlərini alıb, qrup yaradırıq. Daha nə o uşaqlar bizim üzümüzü görür, nə də biz onları tanıyırıq".
Əmək haqqı müəllimləri qane etmir
İlhamə Soltanova deyir ki, üstəlik bütün bu əziyyətlərinin qarşısında çox az əmək haqqı alırlar:
"Maaşımız çox aşağıdır. Şəxsən mən, 127 manat alıram. Keçən il bir az artıq idi. Bu il səhhətimlə bağlı problemim olduğundan cəmi bir qrup yığa bildim. Görək gələn il nə olur. Təbii o vaxta qədər məktəbimiz bağlanmasa. Onsuz da hər il bağlanacağı xəbəri yayılır, sonra yan keçir".
Peşə təhsili kimlərə lazımdır?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva deyir ki, peşə təhsilinə ən çox ehtiyacı olanlar küçə uşaqlarıdır. Onlar hansısa peşə qabiliyyətinə yiyələnsələr küçə uşağı anlayışı getdikcə yox olar:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanları Mərkəzinin vasitəsilə küçə uşaqlarını peşə kurslarına istiqamətləndiririk. Ancaq biz o uşaqları istiqamətləndirə bilirik ki, onların sənədləri var. Problem odur ki, peşə məktəblərində sənədsiz uşaqların oxuması mümkün deyil. Əslində sırf belə sənəd problemi olan uşaqlara görə də xüsusi bir müəssisə yaradıla bilər. Belə olan halda küçə həyatı yaşayan, sənədsiz uşaqlar da rahatlıqla peşə təhsili ala bilərlər".
"Oğlanlara pinəçilik, dülgərlik, qızlara isə əmək və kulinariya"
Kəmalə Ağayeva deyir ki, peşə təhsili anlayışı cəmiyyətin gözündə bir az fərqli şəkildədir. Əksəriyyət bu məktəbləri vaxt itkisi kimi qiymətləndirir:
"Ancaq peşə məktəbləri o demək deyil ki, şagird ora gedib vaxtını keçirib gəlməlidir. Bu gün deməzdim peşə məktəblərinin hamısının texniki bazası qənaətbəxşdir. Əksəriyyətinin şəraiti istənilən səviyyədə deyil. Məsələn, mən vaxtilə yardımçı internat məktəbində işləmişəm. O məktəbdə çox gözəl qayda var idi. Uşaqlara həm də peşə öyrədirdilər. Oğlanlara pinəçilik, dülgərlik, qızlara isə əmək və kulinariya. İndi həmin uşaqların əksəriyyəti öyrəndikləri peşələr üzrə işləyirlər. Onlar bu gün özlərini idarə edirlər. Ən vacibi də onlar bu gün həssas qrup kimi dəyərləndirilmirlər".
Kəmalə Ağayeva indi peşə təhsili verən məktəblərin azlığından narahatdır. O, belə gedərsə bu sahəyə marağın azalacağından qorxur:"Təhsil Nazirliyi peşə məktəbləri ilə bağlı yeni kurikulum proqramı hazırlayıb. Bu proqram peşə məktəblərinə şamil edilir. Proqram əladır, ancaq onun texniki bazasının olmasına böyük ehtiyac var. Bu gün birinci növbədə ölkədə analiz aparılmalıdır ki, hansı peşəyə daha çox ehtiyac var. Daha sonra proqramı o istiqamətdə qurmaq, həmin istiqamətdə iş aparmaq olar. Üstəlik, yeniyetmələr arasında daha çox hansı sahəyə maraq olması ilə bağlı sorğu keçirilməlidir".
Kəmalə Ağayeva deyir ki, bu gün peşə təhsilinə ən çox küçədə yaşayan uşaqların ehtiyacı var, ancaq onların bu təhsilə əli çatmır:
"Məsələn, bizdə bir oğlan var. Çox gözəl rəsmlər çəkir. Həmişə deyirdim, kaş mən onu bu sahəyə yönləndirə biləydim. Ancaq sənədi yoxdur. Belə olanda da onu heç bir məktəb qəbul etmir. Halbuki, o uşaq çox gözəl arxitektor, rəssam ola bilərdi. Əslində peşə məktəblərində onların oxuması üçün şərait də yoxdur. Çünki peşə məktəblərinin yataqxanası yoxdur. Belə uşaqlar həm qalıb, həm də təhsil ala bilmirlər".
"Peşə məktəblərinin durumu olduqca ağır vəziyyətdədir"
Təhsil üzrə ekspert Pərviz Bağırov deyir:"Düzdür, bu gün peşə məktəblərində oxuyan yoxdur, amma bu məktəblər çox böyük önəm daşıyır. Sadəcə, bu istiqamətdə islahatlara ehtiyac var":
"Peşə məktəbinə olan tələbat ən çox rayonlarda özünü göstərir. Bölgəyə gedirsən, saç uştası, pinəçi tapmaq olmur. Bu gün peşə məktəblərinin durumu olduqca ağır vəziyyətdədir. Bəlkə də təhsil sistemimizdə ən çətin vəziyyətdə olan müəssisələr peşə məktəbləridir. Vəziyyət pisdir, üstəlik ehtiyac da var. Odur ki, bu sahədə iş görülməlidir".
Peşə-ixtisas təhsilindəki yeniliklərlə bağlı məlumat almaq üçün Təhsil nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mətbuat xidməti zənglərə cavab vermir.