Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər ilin bu günü Bakı metropolitençilərinin peşə bayramı günü kimi qeyd edilir.
Bakı Metropoliteni 1967-ci ilin noyabrın 6-da işə salınıb. Həmin tarixdə Bakı Soveti-Nərimanov sahəsində 5 stansiya xətti istismara verilib. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu olub.
70-ci illərdə “Ulduz”, “Məşədi Əzizbəyov”, “Qara Qarayev”, “Neftçilər”, “Nizami”, daha sonrakı dövrlərdə “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, 1989-cu ildə isə “Xalqlar Dostluğu”, “Əhmədli” stansiyaları istifadəyə verilib.
2002-ci ildə isə Avropa İttifaqının qrantı hesabına “Həzi Aslanov” stansiyası istismara verilib.
2008-ci ildə metronun “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti” stansiyaları, “28 May” stansiyasının yeni keçidi xidmətə açılıb. 2011-ci ilin iyun ayında isə “Dərnəgül” stansiyası istifadəyə verilib.
2008-ci ildə “İçərişəhər” stansiyası tam yenidən qurulub, 2011-ci ilin sonunda isə “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma aparılıb və stansiyanın adı da dəyişdirilərək “Koroğlu” adlandırılıb.
46 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Bu müddətdə metropolitenin stansiyalarının sayı 4 dəfədən çox artıb.
İstismarda olan yolların ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Xətlərin ümumi uzunluğu 34,56 km-dir.
Azərbaycan Prezidentinin imzaladığı Metropolitenin 20 illik planına əsasən 20 il ərzində yolların uzunluğu 119 km-ə, stansiyaların sayı 76-ya çatacaq.
Artıq gələn il metronun 3-cü Bənövşəyi xəttinin ilk stansiyaları (“Memar Əcəmi-2” və “Avtovağzal”) istismara qəbul ediləcək. “Dərnəgül” deposu işə düşəcək. Bu depo metroda ilk dəfə vaqonların əsaslı təmir işlərinin təşkilinə imkan verəcək.