“Ürgüp FM” radiosunun təşkilatçılığı ilə keçirilən festivalda Nevşəhər valisi Mehmet Ceylan, bələdiyyə sədri Hasan Üveren, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva, çağdaş türk poeziyasının ustadlarından Yavuz Bülənt Bakilər, türk dünyasından gələn şairlər, yazarlar və nevşəhərlilər iştirak ediblər.
Tədbirdə ən yaxşı şair və ən yaxşı tələbə-şairlər mükafatlandırılıblar. İlin ən yaxşı şairi tacına Nedim Uçar, ən yaxşı tələbə şairi tacına isə Əminə Əkər layiq görülüb.
Aparıcılığını şoumen və eyni zamanda şair olan Uğur Aslanın etdiyi festivalda ustad şair Yavuz Bülənt Bakilər də çıxış edib. Y.B.Bakilər şairlər yurdu olan türk dövlətlərində müasir türk gəncinin söz ehtiyatının azlığından şikayətlənib. Onun sözlərinə görə, əgər Qərb ölkələrində məktəbi bitirən insanın 70 min, Yaponiyada 44 min söz ehtiyatı varsa, türk gəncində bu göstərici cəmi 7 mindir:
“Türk gənci söz ehtiyatı zəif olduğu üçün fikrini çatdırmaqda çətinlik çəkir, bəzən isə o vulqar sözlərdən istifadə edir. Bunun qarşısını almağın yeganə yolu çoxlu kitab oxumaqdır. Əgər bir evdə kitabxana və ya çoxlu kitab yoxdursa o evdə bahalı çilçıraq olmasının heç bir əhəmiyyəti yoxdur”.
Millət vəkili Qənirə Paşayeva çıxışında türk elinin, yurdunun görkəmli şairlərindən sitatlar gətirib, ortaq ədəbiyyatımıza, tariximizə, dəyərlərimizə sahib çıxmağın vacib olduğunu vurğulayıb.
“Dünyada ən gözəl şey sözdür. Bizə həyatı, vətəni yaradanı və yaradana görə yaradılanı sevməyi söz ustadları öyrədib” deyən millət vəkili bütün türk dünyasının müxtəlif bölgələrindən şairlərin, ədəbiyyat nümayəndələrinin dəvət olunacağı belə bir festivalı Azərbaycanda da təşkil edəcəyini diqqətə çatdırıb.
Türklərin hər sahədə birliyini qorumağının vacibliyini vurğulayan Q.Paşayeva müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabından da danışıb.
Millət vəkili nevşəhərlilərə kitabın ikinci hissəsini hazırlamağı planlaşdırdığını və yeni hissədə Nevşəhərin də yer alacağını bildirib.
Q.Paşayeva çıxışında Türk dünyasının şair və yazarlarını Qarabağ mövzusunda yazmağa çağıraraq çıxışını bütün türk dünyasının övladı olduğunu qürurla ifadə etdiyi, müəllifi olduğu şeiri ilə başa vurub.
Tədbirin sonunda Q.Paşayevaya tədbirin təşkilatçısı “Ürgüp FM”-in sahibi, jurnalist şairə Ayşə Paslanmaz tərəfindən VIII Beynəlxalq Kapadokya Şeir Festivalına dəstəyinə görə “Təşəkkürnamə” verilib.
Qeyd edək ki, “VIII beynəlxalq şeir festivalı”nda Türkiyənin bəzi bölgələrində “Azərbaycan-Türkiyə qardaşlıq gecəsi”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar Birliyinin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan və opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.
Azərbaycanlı və türkiyəli sənətçilər festival iştirakçıları üçün musiqi və poeziya dolu gecə bəxş ediblər. Sonda onlara şölənin təşkilatçısı Ayşə Paslanmaz tərəfindən plaketlər təqdim olunub.