Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) “Diffamasiya haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının son rəyinə cavab verib.
PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, qanun artıq qəbul olunmaq ərəfəsində olub.
Ə. Həsənov Mətbuat Şurası ilə birlikdə bununla bağlı komissiya yaradıldığını xatırladaraq qeyd edib ki, qanun layihəsi müxtəlif jurnalist təşkilatlarının, mətbuat orqanlarının, ATƏT və Avropa Şurası ekspertlərinin iştirakı ilə işlənib: “Onların təklif və rəyləri nəzərə alındı. Amma Venesiya Komissiyasındakı bəzi ekspertlər ona bütün məsələləri həll edə biləcək universal qanun standartları prizmasından yanaşırlar ki, bu da layihənin üzərində yenidən iş aparılmasını tələb edir.
Bizə görə, “Diffamasiya haqqında” qanunun fəlsəfəsi bir az başqa yanaşma tələb edir. Bu qanun illər ərzində həyata keçməlidir. Çünki jurnalistlərin peşəkarlığının yüksəlməsi də uzun illər tələb edən bir prosesdir. Jurnalistlərin öz məsuliyyətini dərk etməsi stimullaşdırılmalı və bu prosesin dinamizmi təmin edilməlidir. Eyni zamanda, cəmiyyət də bu qanunun qəbuluna hazırlanmalıdır. Bu anlamda bizim bu məsələyə yanaşmamızla Venesiya Komissiyasındakı bəzi ekspertlərin yanaşması arasında müəyyən fərqlər mövcuddur. Bu fərqlərə görə də proses uzanır. Amma Venesiya Komissiyası ilə bu istiqamətdə işi davam etdirəcəyik”