Yaponiyanın Hönsü adasının şərqində bazar günü 5.0 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Yaponiyanın Baş meteoroloji agentliyi məlumat verir.
Yeraltı təkanlar yerli vaxtla saat 14.25-da qeydə alınıb. Zəlzələnin episentri İbaraki prefekturasında yerləşib. Zəlzələnin ocağı isə 70 kilometr dərinlikdə quru səthinin altında olub.
Dörd bal gücündə yeraltı təkanlar Yaponiyanın paytaxtı Tokioda, həmçinin 13 prefekturada, o cümlədən Fukusima, Tiba, Saytama, Kanaqava və digərlərində hiss olunub.
Zəlzələ nəticəsində dağıntılar, ölən və yaralananlar barədə məlumat daxil olmayıb.