Noyabrın 1-də Vergilər Nazirliyinin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən “Qanun” nəşriyyatına gedərək, yoxlamaya başlayıblar. Nazirliyin nümayəndələri nəşriyyatda olduğu müddətdə “Qanun”un əməkdaşlarının binaya daxil olmasına icazə verilməyib. "Aznews.az" saytının məlumatına görə, vergi müfəttişləri “Qanun”a məxsus bütün maliyyə sənədlərini özləri ilə aparıblar və nəticədə Nəşrlər Evi fəaliyyətini dayandırmağa məcbur olub. "Axar.az"ın "Qanun" nəşriyyatının əməkdaşlarından aldığı xəbərə görə isə heç bir sənəd təqdim etməyən iki nəfər vergi müfəttişi yoxlamaya gəldiklərini bildirərək, doğrudan da nəşriyyatın mühasibat sənədlərini özləri ilə aparıblar. Buna baxmayaraq, nəşriyyatın fəaliyyətini dayandırması üçün Vergilər nazirliyinin heç bir qərarı yoxdur və nəşriyyat hazırda fəaliyyətini davam etdirir.
Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin əməkdaşı Ceyhun Məmmədov nəşriyyatda aparılan yoxlamaları təsdiqləyib: “Noyabr ayının 1-də Vergilər Naziriliyinin göstərişi ilə Bakı şəhər Vergilər Departamenti tərəfindən “Qanun” Nəşriyyatında yoxlamalar başlayıb. Aparılan yoxlamalar vergi qanunvericiliyinə və onun tələbinə əməl olunması vəziyətinin araşdırılması ilə bağlıdır. Yoxlama başa çatdıqdan sonra bu barədə ətraflı və izahlı məlumat yayacağıq”. Analitik İnformasiya şöbəsinin əməkdaşı nəşriyyatın fəaliyyətinin dayandırılması xəbərinə də aydınlıq gətirib: “Bizdə belə bir məlumat yoxdur. Əgər fəaliyyəti dayandırılsaydı, məlumatımız olardı”