Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanda bu xəstəliyə yoluxan 5 nəfər artıq xəstəxanaya müraciət edib.
Hacılarda yuxarı tənəffüs orqanlarında kəskin respirator infeksiya xəstəliyi aşkarlanıb.
Xəstəxanadan bildirilib ki, infeksiyaya yoluxmanın səbəbi Səudiyyə Ərəbistanındakı isti hava rejiminin bu tip xəstəliyin geniş yayılması üçün əlverişli olmasıdır. Xəstəlik orqanizmdə kəskin ağırlaşma, bərk öskürək, bəlğəmdən boğulma və halsızlıq əlamətləri ilə müşahidə edilir. Ziyarətdən qayıdanlar arasında bu simptomları özündə hiss edənlərin tibb müəssisələrinə müraciət etməsi tövsiyə olunub.
İnfeksiyanın yoluxucu olduğu barədə də xəbərdarlıq edilib.
Qeyd edək ki, azərbaycanlı zəvvarların son qrupu oktyabrın 28-i geri dönüb. Bu il 3700 zəvvar Həcc ziyarətində olub.