Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirilib ki, Nazirlər Kabinetinin Əsasnamədə etdiyi dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) aparılıb.
Qanunun 20.2-ci bəndində göstərilib: “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir”. Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında 2.9-cu bəndində göstərilib: “İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır”. “3 aydan 12 aya qədər olan müddətə” cümləsi yeni variantda “hər dəfə 1 ildən artıq olmamaq şərti ilə” cümləsi ilə əvəz edilib.
Qanunun 20.3-cü bəndinin tələbinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər”. Yəni, Əsasnaməyə edilən dəyişiklik “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də 2013-cü il 2 oktyabr tarixli dəyişikliklər “hərbi xidmətə müvəqqəti yararsızdır” kateqoriyasına aid edilən şəxslərə şamil edilir.
Əsasnaməyə digər dəyişikliyə görə çağırış komissiyalarının tərkibinə psixoloqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunu daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır.