Dənizkənarı Milli Parkda yeni idman alətləri ilə zəngin meydança salınacaq.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, yeni idman meydançası təxminən gələn ilin yanvar ayına qədər sakinlərin istifadəsinə veriləcək.
“Çox sevindirici haldır ki, Milli Olimpiya Komitəsi bu meydançanın salınmasını öz üzərinə götürüb. Onlar təkliflə müraciət ediblər. Bulvarın yeni hissəsində idman sarayı ilə Bayraq meydanına qədər olan hissələrin birində onlar bu meydançanı salmaq niyyətindədirlər. Hələlik yerin seçimini edirlər” – deyə, N.Məcidov söyləyib.
Meydançanın idman alətləri isə sakinlər üçün pulsuz olacaq.
Paytaxtımız üçün yenilik olacaq bu meydançalar artıq dünyanın bir çox ölkələrində uzun müddətdir ki, mövcuddur. Məsələn, qonşu Türkiyədə təkcə parklarda deyil, yol kənarlarında da bu cür idman meydançalarını görmək mümkündür.