“Yenimeydan.info” Anspress-ə istinadən xəbər verir ki, bu dəfə azərbaycanlı iş adamına məxsus olduğu bildirilən ən böyük ticarət mərkəzi - Sadovod bazarı hədəf seçilib. Bazarın bağlanması əməliyyatı zamanı minlərlə miqrantın saxlandığı xəbər verilir.
Rusiya dövlət televiziyasının verdiyi məlumata görə, 30 avtobus eyni saatda paytaxtın cənub-şərqində yerləşən ticarət mərkəzinə daxil olub və aparılan geniş miqyaslı reyd səhər saatlarına təsadüf edib. Əməliyyat zamanı mindən artıq miqrant saxlanılıb. Onların Rusiya paytaxtında qeyri-leqal yaşadıqları və ticarətlə məşğul olduqları bildirilr. Sənədi qaydasında olmayan ticarətçilər avtobuslarla yaxınlıqdakı polis bölməsinə aparılıb. Onların sənədləri və hansısa cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq.
Dövlət televiziyasının məlumatına görə, Moskva baş polis idarəsi OMON-nun reydlərinin paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirildiyini bildirib.
Moskva bazarlarının “kriminaldan təmizlənməsi” üzrə reydlərə isə bir neçə həftə əvvəl Biryulevo rayonunda baş verən iğtişaşlardan sonra başlanılıb. Rusiya milisi bu cür reydlərin davamlı olacağını bəyan edib.
Ən son məlumatlara görə, Moskvada yerləşən “İzmaylov” bazarı kimi tanınan kompleksin qapalı səhmdar cəmiyyətinin sahibi Aydın İsayev də həbs edilib. O, iqtisadi cinayətkarlıqda ittiham edilir.