Ölkə başçısının oktyabrın 22-də imzaladığı sərəncamla Baş nazirin müavini vəzifəsinə təyin olunan YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun adı Milli Məclisin deputatları siyahısından çıxarılıb.
Modern.az saytının xəbərinə görə, eyni zamanda sözügedən təyinatadək Ə.Əhmədovun parlamentdə təmsil etdiyi 19 saylı Nərimanov birinci seçki dairəsini də adı siyahıdan silinib. Bunlar Milli Məclisin rəsmi saytında da öz əksini tapıb.
Bu isə o deməkdir ki, Əli Əhmədovun deputatlıq səlahiyyətinə xitam verilib.
Ölkə Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda o, deputatlıq səlahiyyətlərini itirir.
Qeyd edək ki, Əli Əhmədov Baş nazirin müavini kimi sosial sahələri kurasiya edəcək.
Hazırda Milli Məclisdə 3 deputat yeri boşdur. Bunlar 19 saylı Nərimanov birinci, 34 saylı Xətai ikinci və 110 saylı Zaqatala seçki dairələridir. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub.