"Günəşdə aktivlik getdikcə azalır. Əvvəllər, yəni 50-60-70-ci illərdə olan aktivlik indi günəşdə müşahidə olunmur. Onun səbəbi isə məlum deyil”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.
O bildirib ki, günəşin içərisində nüvə reaksiyası eyni sürətlə getdiyi üçün aktivliyin həddi və səviyyəsi sabit qalmalı idi. Amma burada azalmanın qeydə alındığını deyən N.Cəlilov qeyd edib ki, bunun səbəbləri hələlik müəyyən edilməyib: “Bu proseslərin müsbət nəticələri var. Alışmalar zəifdirsə və atılan kütlələr intensiv deyilsə yerdə rahat yaşaya bilərik ki, Günəşdən bizə qorxu yoxdur”.
Günəşdə baş verən alışmalar barədə də məlumat verən N.Cəlilov qeyd edib ki, dünən daha bir alışma qeydə alınıb: “Bu da əvvəlkilər kimi orta səviyyəli alışmadır. İndi Günəş aktivliyinin maksimum həddində olduğumuzdan, belə alışmalar tez-tez olur. Demək olar k, həftədə bir dəfə qeydə alınan belə alışmalar çox güclü deyillər. Onlar yerə yönəlsə də, biz onları hiss etmərik. Günəş aktivliyinin maksimum həddi 2014-cü ilin ortalarınadək davam edəcək. Bundan sonra isə Günəş aktivliyi minimuma doğru gedəcək”.