“ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN xidmət”) verilən məlumata görə, sabahdan başlayaraq “ASAN xidmət”in səyyar avtobusları Ucar və Zərdab sakinlərinə xidmət göstərməyə başlayacaq.
26 oktyabr - 6 noyabr tarixlərində adıçəkilən rayonların ümumi sayı 145 mindən çox olan sakini “ASAN səyyar xidmət”dən yararlana biləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Qeyd edək ki, “ASAN səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsidir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “ASAN xidmət”in zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.
İndiyədək Səyyar “ASAN xidmət” çərçivəsində 17 məntəqədə 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə, 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır.