Bu ilin yanvar-sentyabr ayları ərzində sayğac göstəriciləri əsasında boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 25 mln. 904 min 659 ton xam neft ixrac olunub.
Bu göstərici ötən ilin doqquz ayından 834 min 114 ton az təşkil edir.
Boru kəmərləri ilə ixrac olunan xam neftin 20 mln. 890 min 877 tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan neftin payına düşüb.
Hesabat dövründə Supsa boru kəməri ilə 2 mln. 985 min 393 ton, Şimal boru kəməri ilə isə 1 mln. 325 min 839 ton xam neft ixrac olunub.
İlin doqquz ayında dəmir yolu ilə 702 min 549 ton xam neft nəql olunub.
Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməridir. Kəmərin uzunluğu 1773 kilometrdir.
Bu boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1,2 milyon barrel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.
Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin bir hissəsini dünya bazarına daşıyan boru xəttidir. Qərb İxrac Boru Kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib.
Şimal boru kəməri də adlandırılan Bakı-Novorossiysk boru kəməri Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəqlini həyata keçirir.
Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir.
Bu boru kəməri ilə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarlarına çıxarılıb.