Hacıqabulda yük maşını aşıb, sürücü və iki sərnişin ciddi xəsarət alıb.
Hadisə ötən gün axşam saatlarında Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
Şirniyyat malları daşıyan “KAMaz” markalı yük avtomobili idarəetməni itirərək yolun ortasında yerləşən metal səddə çırpılaraq aşıb.
Nəticədə sürücü Füzuli rayonunun Hüseynbəyli kənd sakini, 22 yaşlı Aqşin Möhübbət oğlu Familzadə ağır vəziyyətdə bel fəqərəsinin kompression sınığı diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, oradan isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.
Avtomobildə olan sərnişinlər həmin rayonunu Yuxarı Veysəlli kənd sakini, 31 yaşlı Davud Cəmil oğlu Mustafayev və İmişli rayonunun Qaragüvəncli kənd sakini, 42 yaşlı Eynulla Soltan oğlu Əliyev döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Qəza nəticəsində ərzaq məhsullarının məxsus olduğu şirkətə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.