Dünən və bu gün Günəşdə iki güclü alışma qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, çox da güclü olmayan alışmalar dünən gecə saat 04:00 və bu gün saat 12:00 radələrində qeydə alınıb.
Onun sözlərinə görə, Günəşdə nisbətən güclü alışmaların olmasına baxmayaraq, yerin maqnit sahəsində böyük təlatümlər gözlənilmir.
N. Cəlilov qeyd edib ki, Günəş alışmaları yerin maqnit sahəsini müəyyən qədər silkələyə bilər: “Günəşdə alışmalar hər gün baş verir. Lakin dünən və bu gün qeydə alınan alışmalar nisbətən güclü olub. Günəşdən kütlə atılırsa, 3-4 gün ərzində yerə çatır.
Hələlik alışma nəticəsində plazmanın atılması, onun yerə tərəf gəlib-gəlmədiyi barədə məlumat yoxdur. Alışmaların yerə təsiri olsa da, bu çox cüzi olacaq. Çünki hər 2 alışma orta gücdə qeydə alınıb. Rusiya geofiziklərinin də yer maqnit sahələrinin təlatümə gələcəkləri haqqında verdiyi proqnozlara əsasən hər şey qaydasındadır”.