APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, hazırda regionlarda mövcud imkanlar bu tədbirləri həyata keçirməyə əsas verir: “Bizim regionlarımızdakı kitabxana-informasiya mərkəzlərində bu imkanlar mövcuddur. Artıq Bakının bir neçə kitabxanasında bu işə başlamışıq və bunu genişləndirəcəyik. Nəinki kitabxanalar internetlə təmin olunmalıdırlar, biz hesab edirik ki, onlar yalnız kitabxana funksiyasını daşımamalıdırlar. Kitabxanalar eyni zamanda kitab klubları olmalıdır, insanlar həmin məkanlarda görüşüb fikir mübadiləsi aparmalıdırlar”.
Ə.Qarayev əlavə edib ki, parklarda “wi-fi” şəbəkəsinin quraşdırılması da gündəmdədir: “Əlbəttə, “wi-fi” şəbəkəsi insanların gündəlik yığışdıqları yerlərdə olmalıdırlar. Bizim nəzərimizdə olan bəzi istirahət məkanları var, amma onların adını sizə konkret olaraq deyə bilmərəm. Çünki bu iş yalnız proqram şəklindədir. Layihə təsdiq olunandan sonra məsələni bütün parametrlər üzrə danışa bilərik”.