Xorvatiya, Macarıstan və Ukrayna Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutanTrans-Adriatik boru kəmərinə birləşdiriləcək yeni dəhlizin yaradılması üçün razılığa gəliblər.
Bu barədə Xorvatiyanın xarici işlər nazirinin müavini Josko Klisovic bildirib.
O qeyd edib ki, yeni ifrastruktur qazın Şərqi Avropa bazarlarına daşınmasına imkan verəcək.
XİN müavininin sözlərinə görə, üç ölkə yaxın vaxtlarda bununla bağlı müqavilə imzalayacaqlar. O, layihənin Avropa Fondu tərəfindən maliyyələşdiriləcəyini qeyd edib: “Bu layihədə özəl şirkətlərin də rolu istisna olunmur”.
Qeyd edək ki, iyunun 28-də “Şahdəniz” konsorsiumu eyni adlı yatağın II fazasının işlənməsindən əldə olunan qazın Avropaya nəqli üçün Trans-Adriatik (TAP) boru kəmərini seçdiyini elan edib.
Sentyabrın 19-da isə Azərbaycan qazının satışı üzrə Avropanın 9 şirkəti ilə müqavilə imzalanıb
TAP boru kəməri vasitəsilə təbii qazın Yunanıstan və Albaniyadan keçməklə, Adriatik dənizindən Cənubi İtaliyaya və oradan da Qərbi Avropaya nəqli nəzərdə tutulur.
TAP Norveçin “Statoil” (42,5 %), İsveçrənin “Axpo” (42,5 %) və Almaniyanın “E.ON” şirkətləri (15,0 %) tərəfində qurulan konsorsiumdur.
“Şahdəniz-2” yatağından 2018-ci ildə qaz hasilatına başlanacaq. Yataqdan hasil olunacaq qazın ilkin mərhələdə ildə 16 milyard kubmetri ixrac olunacaq. Bu həcmdən 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa bazarlarına nəql olunacaq.