Müdafiə Nazirliyinin Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev müəllimlik edir. Publika.Az-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bir vaxtlar general-mayor rütbəsinə kimi yüksəlmiş zabit hazırda Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində müəllim kimi fəaliyyət göstərir.
Halbuki bir müddət əvvəl Çingiz Şəfiyevin Azərbaycandan getməsi barədə məlumat yayılmışdı. Sabiq müdafiə naziri Səfər Əbiyevin bacısının kürəkəni olan Şəfiyevin səhhəti ilə əlaqədar ölkəni tərk etdiyi bildirilirdi.
General rütbəsindən polkovnik rütbəsinə endirilən zabit üçün TTM-də müəllimlik xeyli aşağı vəzifə hesab edilir.
Qeyd edək ki, 2011-ci ilin fevralında Çingiz Şəfiyev komandiri olduğu Şəmkir korpusunda 7 əsgərin öldürülməsi faktından sonra vəzifəsindən azad olunub və onun rütbəsi endirilib. Rəsmi məlumatda deyilirdi ki, fevralın 20-də Müdafiə Nazirliyinin Şəmkir korpusunun Göygöl rayonunda yerləşən hərbi hissələrinin birində 7 əsgərin ölümü ilə nəticələnən cinayət hadisəsi ilə bağlı təhqiqat aparıldıqdan sonra Ali Baş Komandanın qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunub, eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilib.
Elturan