2013-cü ilin fevralında “Xocalıya ədalət” kampaniyası çərçivəsində açılan fotosərgi öz fəaliyyətini İsrailin ən böyük şəhərlərindən biri olan Tel-Əvivdəki “Neve Eliezer” Mədəniyyət Sarayında davam etdirir.
Sözügedən fotosərgi Heydər Əliyev Fondunun dəstəyi ilə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası, “STMEQİ” beynəlxalq xeyriyyə fondu və Təl-Əviv şəhərinin bələdiyyəsi tərəfindən təşkil olunub.
Tədbir “Justice for Khojaly” adlı sənədli fotosərginin nümayişi ilə başlayıb. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş verən faciəli hadisələri əks etdirən fotoşəkillər sərgidə iştirak edənlərdə böyük təəssürat oyadıb. Təl-Əviv şəhərinin meri Arnon Qilyadi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli Israillilər Federasiyasının Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin, Tel-Əviv sakini, Azərbaycanın xalq artisti Dina Tumarkina, professor Mixail Aqarunov və şəhərin digər sakinləri Xatirə kitabına gördükləri fotoşəkillərin onlarda oyatdığı təəssüratlarını yazıblar.
Tədbirdə Xocalı faciəsini iştirakçılar üçün beynəlxalq münasibətlər sahəsi üzrə ekspert, “AZİZ” Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut ətraflı şəkildə işıqlandırıb.
Arye Qutun sözlərinə görə, bu faciənin dəhşətli və amansız səhnələri həmişə Azərbaycanın ürəyində silinməz yara kimi qalacaq.
“Xocalı faciəsi bir tərəfdən, Xocalının hər bir sakininin öz vətəninə, millətinə, yurduna olan sədaqətinin bariz nümunəsidir. Digər tərəfdən isə, bu Ermənistanın barbar silahlıları tərəfindən Azərbaycana qarşı törədilən soyqırımıdır, barbarlıq və faşizmin misligörünməmiş təzahürüdür” – A.Qut bildirib.
Erməni silahlı dəstələrinin törətdikləri vəhşiliklər nəticəsində Xocalıda yaşayan sakinlərdən 613 nəfəri qətlə yetirilib, 487 nəfər əlil vəziyyətinə salınıb, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək, ağlasığmaz işgəncələrə, təhqirlərə və alçaldıcı davranışlara məruz qalıblar. 150 nəfərin taleyi barədə isə hələ heç bir məlumat yoxdur. Bu əsl soyqırımı idi. Xocalıda qətlə yetirilən 613 nəfərdən 106-ı qadın, 63-ü uşaq, 70-i isə qocalardır.
Politoloqun sözlərinə görə, bu faktlar onu sübuta yetirir ki, Xocalı şəhərinin dinc sakinlərinin məqsədli şəkildə qətlə yetirilməsində əsas niyyət ancaq ondan ibarət olub ki, onlar məhz azərbaycanlı olduqlarına görə kütləvi şəkildə məhv edilməlidirlər.
“Xocalı şəhəri Azərbaycan torpaqlarının növbəti dəfə işğal altına salınmasının və yerli azərbaycanlı əhalisinin etnik təmizlənməsinin ardıcıl mərhələsi kimi, insanı dəhşətə gətirən amansızlıq qarşısında panika və qorxunun yaradılması üçün seçilib. Belə barbarlığın və günahsız uşaqlara, qadınlara və qocalara qarşı belə dəhşətli davranışların heç bir məntiqi izahı yoxdur” – A.Qut deyib.
Çıxışını başa vuran “AZİZ” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut qeyd edib ki, Xocalı şəhərində azərbaycanlı əhalinin qırılması ilə bağlı olan bütün bu faktlar insanın yadına Liditsdə, Oradurda və Xatında nasistlərin törətdikləri cinayətləri salır.
“Nə qədər ki Qarabağ Ermənistanın işğalı altındadır, nə qədər ki, Azərbaycanın bu cənnət məkanı erməni işğalçılarından azad edilməyib və azərbaycanlı qaçqınlar öz doğma yurd-yuvalarına qayıtmayıblar, hər birimiz Azərbaycan diasporunun İsraildəki nümayəndəsi kimi dünya ictimaiyyətinin diqqətinə ermənilərin təcavüzkarlığı barədə həqiqətləri, bu təcavüzkarlığın ağır fəsadları barədə çatdırmalı, ədalətin bərpa edilməsinə və yenidən bərqərar olmasına öz köməkliyimizi göstərməliyik” – A.Qut bildirib.
Tel-Əviv şəhəri merinin müavini Arnon Qilyadi, Tel-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli Israillilər Federasiyasının Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin tədbirdə çıxış edərək, “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyasının nümayəndələrinə və Heydər Əliyev Fonduna Təl-Əviv şəhərində “Xocalıya ədalət” (Justice for Khojaly) fotosərgisinin keçirilməsi təşəbbüsünə və təşkilinə görə öz dərin minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli faciə və qanlı qətliam onları dəhşətə salıb.
“Xocalı şəhərində baş verən qanlı qətliama həsr olunan bu fotosərgi məni çox sarsıtdı, gördüklərimdən dəhşətə gəlmişəm. Bütün bunlar Azərbaycan xalqına qarşı edilən amansızlığın və barbarlığın təzahürüdür. Mən Belarusda doğulmuşam və 1943-cü ilin yazında Belarusun Xatın kəndinin faşistlər tərəfindən necə məhv edilməsinin tarixini yaxşı bilirəm. Bu gün mən Xocalı qırğınının fotoşəkillərini gördüm, Xocalı faciəsinin tarixini eşitdim, başa düşdüm ki, Xocalı və Xatın xalqlarımızın faciələrini əks etdirən sinonimlərə çevriliblər” – deyə, Rusdilli Israillilər Federasiyasının Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin bildirib.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak fotosərginin ziyarətçilərinə tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. L.Spivak Tel-Əviv şəhərinin meriyasının nümayəndələrinə Azərbaycan icm