2014-cü ildə Gömrük Komitəsi üzrə dövlət büdcəsinə 1,510 milyard manat vəsaitin daxil olması planlaşdırılır.
Bu “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələri”ndə qeyd olunub.
Bu məbləğin 1,070 milyard manatı əlavə dəyər vergisi üzrə, 330 milyon manatı gömrük rüsumları üzrə daxil olacaq.
Gələn il aksiz vergisindən büdcəyə 90 milyon manat, yol vergisindən isə 20 milyon manat vəsait köçürüləcək.
Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsaitin dövlət büdcəsində xüsusi çəkisi 8,2% olacaq.
Toplanacaq vergi və rüsumlar üzrə daxilolma isə 2012-ci ilin faktiki icrası ilə müqayisədə 301,7 milyon manat və ya 25%, 2013-cü ilin proqnozu ilə müqayisədə 130 milyon manat və ya 9,4% çoxdur.
2013-cü ildə Gömrük Komitəsi üzrə mədaxil proqnozunun xüsusi çəkisi 4,2% səviyyəsində olacaq ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 0,1 faiz-bənd, 2012-ci ilin faktiki icra göstəriciləri ilə müqayisədə 0,2 faiz-bənd çoxdur.