Azərbaycanda sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,9 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,5 faiz, qarğıdalının 0,3 faiz, arpanın 4,7 faiz, xiyarın 1,3 faiz, pomidorun 1,6 faiz, badımcanın 13,4 faiz, bibərin 0,3 faiz, göyərtilərin 3,8 faiz, yoncanın istehsalçı qiymətləri 30,9 faiz bahalaşıb, yaşıl lobyanın istehsalçı qiymətləri 0,7 faiz, lobya dəninin 1,5 faiz, kələmin 1,0 faiz, baş sarımsağın 19,7 faiz, baş soğanın 2,5 faiz, quru otun istehsalçı qiymətləri isə 1,9 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,4 faiz, şaftalının 2,9 faiz, gavalı və göyəmin 1,8 faiz, zoğalın istehsalçı qiymətləri 1,9 faiz bahalaşıb, üzümün istehsalçı qiymətləri 4,2 faiz, limonun 5,8 faiz, armudun 1,0 faiz, şabalıdın 5,7 faiz, qozun 1,2 faiz, fındığın istehsalçı qiymətləri isə 16,8 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün istehsalçı qiymətləri 2,8 faiz, diri qoyun və keçilərin 0,5 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2,0 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,4 faiz və 0,5 faiz, yumurtanın istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 5,5 faiz bahalaşma müşahidə olunub.