Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeni qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, rektor səfirin fəaliyyəti dövründə Azərbaycanda elmin və təhsilin inkişafına dəstəyindən, Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatının tədrisinə göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib. Rektor eyni zamanda səfirin xanımı Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə Yaponiyanın mədəniyyəti, incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd edərək təşəkkürlərini çatdırıb. O, yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq səfirə bu xidmətlərinə görə universitetin Fəxri Fərmanını təqdim edib.
Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə açılış nitqi söyləyib. A. Kazımzadə bildirib ki, artıq universiteti yapon dili və ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır. Səfir Şusuke Vatanabenin çıxışından sonra müsabiqə qaydaları izah edilib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin sahibinə mükafatlar təqdim olunub.