Dünya Turizm Təşkilatının dəstəyi, “Özbəkturizm” Milli Şirkəti (MŞ) və “Böyük İpək Yolu” reklam agentliyinin təşkilatçılığı ilə Daşkənddə “Böyük İpək Yolu ilə turizm” 19-cu Beynəlxalq Turizm Yarmarkası öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan da daxil olmaqla dünyanın 40-dan artıq ölkəsindən gəlmiş turizm şirkət və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edirlər.
Ölkəmizi bu yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov və sektorun məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edirlər.
Yarmarkanın açılış mərasimində “Özbəkturizm” MŞ-nın rəhbəri Fərrux Rizaev, Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Bəxtiyar Abdusamadov və DTT-nin icraçı direktoru Zoltan Şomoqi bildirmişlər ki, Özbəkistanın qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun Mədəni İrs Siyahısına salınıb və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidələr mövcuddur.
Nəzərinizə çatdıraq ki, bu gün Özbəkistanda 800-dən artıq turizm təşkilatı, o cümlədən 500 mehmanxana fəaliyyət göstərir.
Azərbaycan üçün ayrılmış pavilyonda dövlətimizin bayrağı, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və broşurlar, suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.
Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azəri qızları” uşaq rəqs ansamblının üzvlərinin və “Azərbaycanım” musiqi qrupunun çıxışı iştirakçıların böyük marağına səbəb olub. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli yeməkləri və şirniyyatlarını iştirakçılara təqdim edilib. Həmçinin turizm yarmarkası 3 gün davam edəcək.