Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sabancı Universitetindən əməkdaşlığa dair təklif alıb.
ASK-nın prezidenti Məmməd Musayev Sabancı Universitetinin idarəetmə inkişaf bölümünün direktoru Cuneyt Evirgeni qəbul edib.
Keçirilən görüşdə ASK-nın prezidenti Məmməd Musayev Sabancı Universiteti ilə də birgə layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab etdiyini deyib. Qeyd edib ki, Türkiyənin təhsil sektoru ilə iş dünyası arasında yaratdığı qənaətbəxş əlaqə ənənəsindən azərbaycanlı sahibkarlar faydalana bilərlər. Sabancı Universitetinin ölkədə biznesin inkişafına dəstək olacağını istisna etməyən ASK-nın prezidenti onlara konfederasiya tərəfindən lazımı köməkliyin göstəriləcəyinə bildirib.
Sabancı Universitetinin idarəetmə inkişaf bölümünün direktoru Cuneyt Evirgen isə bildirib ki, Türkiyədə fəaliyyət göstərən holding və şirkətlərlə bu günədək xeyli sayda lahiyələr həyata keçiriblər. Sabancı Universitetinin gələcək hədəfinin tək Türkiyədə deyil, Azərbaycanda da fəaliyyət göstərən firmalarla birgə əməkdaşlıq etmək olduğunu deyən C.Evirgen qeyd edib ki, hələlik ölkədə bu sahəni araşdırırlar və bu məqsədlə də aidiyyatı dövlət qurumları ilə görüşüb.
C.Evirgen növbəti səfəri zamanı iş adamları üçün təqdimatlar keçirəcəyini, yeni layihələrə imza atacaqlarını da istisna etməyib. O, Azərbaycanda pərakəndə mağazalar şəbəkəsinin yaranmasında əldə etdikləri iş təcrübəsini də bölüşmək niyyətində olduğunu vəd edib.
Görüşün sonunda ASK-nın prezidenti Cuneyt Evirgeni qarşılıqlı əməkdaşlığa dəvət edib.