Azərbaycan Nazirlər Kabineti "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"ni təsdiqləyib.
Nazirlər Kabinetindən verilən məlumata görə, əsasnaməyə əsasən, fiziki və hüquqi şəxslər qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməzlər. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müsbət rəyi olmadan qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparıla bilməz.
Qoruq ərazisinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. İdarənin razılığı olmadan qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır.
Qoruq ərazisində fiziki və hüquqi şəxslərə yeni torpaq sahələri ayrılmır. Buradakı abidələrin tarix-memarlıq görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Qoruq ərazisində və qoruğa daxil olan abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr İdarə tərəfindən verilmiş icazə sənədlərinə əsasən yerləşdirilir.